Bu, seçilmiş məqalədir. Daha çox məlumat üçün klikləyin.

Axısqa türklərinin deportasiyası

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Axısqa türklərinin deportasiyası
Əsas münaqişə: SSRİ-də məcburi köçürülmələr, SSRİ-də siyasi repressiyaİkinci Dünya müharibəsi
Özbəkistan SSR-yə sürgün edilmiş Axısqa türkü qadın və uşaq.
Özbəkistan SSR-yə sürgün edilmiş Axısqa türkü qadın və uşaq.
Ümumi məlumatlar
Yeri Mesxetiya, Gürcüstan SSR, SSRİ
Hücumun hədəfi Axısqa/Mesxeti türkləri
Tarix
  • 14 noyabr 1944–26 noyabr 1944
Hücum metodu məcburi köçürmə, deportasiya
Ölü sayı
müxtəlif təxminlər:
  • I) 12.589
  • II) 14.895
  • III) 30.000
  • IV) 50.000
Törədən(lər)

Axısqa türklərinin deportasiyası (türk. Ahıska Türklerinin sürgün edilmesi) və ya Mesxeti türklərinin deportasiyası (rus. Депортация турок-месхетинцев) — Gürcüstan SSR-in (indiki Gürcüstan Respublikası) Mesxetiya regionunda yaşayan bütün Axısqa türklərinin 14 noyabr 1944-cü il tarixində sovet hökuməti tərəfindən Mərkəzi Asiyaya (Qazaxıstan, Qırğızıstan və Özbəkistana) məcburi şəkildə köçürülməsi. Deportasiya zamanı 212 kənddə yaşayan 92.307–94.955 arası Axısqa türkü öz evlərindən məcburi şəkildə çıxarılmışdır. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilmiş və əsasən Özbəkistan SSR-ə göndərilmişdir. Bu əməliyyat çərçivəsində digər etnik qrupların üzvləri də deportasiya edilmişdir. Kürdlərhəmşinlər (müsəlman ermənilər) də daxil olmaqla, əməliyyat zamanı 115.000 nəfərə yaxın şəxs deportasiya edilmişdir. Deportasiya olunanlar xüsusi yaşayış məntəqələrinə yerləşdirilmiş, orada məcburi əməyə tabe olunmuşdular. Deportasiya və sürgünün ağır şərtləri 12.000–50.000 insanın ölümünə səbəb olmuşdur.

Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya və daha 4.000 NKVD personalı tərəfindən icra olunmuşdur. Əməliyyatı yerinə yetirmək üçün 34.000.000 (otuz dört milyon) rubl ayrılmışdı. Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir parçası idi. Deportasiya prosesi tamamlandıqdan sonra SSRİ hökuməti əsasən xristian ermənilərdən təşkil olunmuş 32.000 nəfəri Mesxetiya ərazisinə yerləşdirmişdir.

İosif Stalinin ölümündən sonra SSRİ Nazirlər Sovetinin yeni sədri seçilən Nikita Xruşşov 1956-cı ildə gizli nitq səsləndirmiş, bu nitqdə Stalinin müxtəlif etnik qrupların deportasiya edilmələri haqqında verdiyi qərarları tənqid etmiş, onların çoxunu geri çevirmişdir. Baxmayaraq ki, xüsusi yaşayış məntəqələrindən sərbəst buraxılıblar, Axısqa türkləri, eləcə də Krım tatarlarıVolqa almanları yenə də sürgündə qalırlar. Onların sürgün edilməsinin gizli saxlanılması və Sovet İttifaqının daxili siyasətinə görə Axısqa türklərinin deportasiyası olduqca naməlum qalmışdır və elmi araşdırmaların mövzusu olmamışdır. Bu, 1989-cu ildə Özbəkistan SSR-də gerçəkləşən Fərqanə hadisələrindən sonra dəyişmişdir. Müstəqilliyini yenicə qazanmış Gürcüstan Respublikası 1991-ci ildə Axısqa türklərinə Mesxetiyaya geri qayıtmağa icazə verməmişdir. 2006-cı ildə əldə edilmiş statistik məlumatlara əsasən, 260.000–335.000 nəfərdən ibarət Axısqa türklərinin əksəriyyəti yeddi Postsovet ölkəsində yaşayır.

Mesxetiyadan bir mənzərə.

Axısqa türkləri, həmçinin Mesxeti türkləri, indiki Gürcüstan Respublikasının cənub ərazilərində yerləşən Mesxetiya regionunda yaşayırdılar. Onların mənşəyi haqqında tarixşünaslar arasında bir konsensus yoxdur. Onlar ya etnik türklərdir, ya da ki Osmanlı hakimiyyəti dövründə islamı qəbul etmiş və türkləşmiş gürcülərdir.[1]

Osmanlı ordusu o zamanlar Mesxeti-Samstxe atabəyliyinin ərazilərinin daxilində olan Mesxetiya regionunu 1578-ci ildə Lələ Mustafa Paşanın Qafqaza yürüşü zamanı fəth edir. Türk tarixşünasları iddia edirlər ki, türk tayfaları regionda XI–XII əsrlərdə, Gürcüstan kralı IV Davidin qıpçaq türklərini sərhəd ərazilərini Böyük Səlcuq İmperiyasından qorumaq üçün dəvət etdiyi dövrdə yerləşiblər.[2] Bu ərazi 1829-cu ildə, Rusiya-Osmanlı müharibəsinin bir nəticəsi olaraq, Rusiya imperiyası tərəfindən ilhaq edilir.[1]

Gürcüstan 1918-ci ildə, Birinci Dünya müharibəsinin sona çatmasına çox qalmamış, Rusiyada vətəndaş müharibəsinin ilkin mərhələrində, öz müstəqilliyini bəyan edir. Buna baxmayaraq, Mesxetiyada yaşayan müsəlman icmalar yarım muxtariyyətə sahib bir konfederasiya bəyan etmiş və süqut mərhələsinin son dövrlərində olan Osmanlı imperiyası ilə birləşmə prosesinə start verir. Osmanlı ordusu bu əraziyə daxil olur və beləliklə, regionun xristian və müsəlman əhalisi arasında bir sıra atışmalar yaşanır. 1921-ci ildə Qızıl Ordu Gürcüstanı işğal edir, Qars müqaviləsinin imzalanmasıyla Mesxetiya regionu Türkiyə ilə Sovet Gürcüstanı arasında bölüşdürülür.[3] 1920-ci illərdə İosif Stalin Sovet İttifaqı Nazirlər Sovetinin yeni sədrinə çevrilir. ABŞ akademiki və tarixşünası Ben Kirnan Stalin dövrünü "heç şübhəsiz, sovet və ya hətta Rusiya tarixinin ən qanlı dövrü" olaraq təsvir etmişdir.[4]

1928-ci ildən 1937-ci ilə qədər Axısqa türkləri sovet səlahiyyətliləri tərəfindən gürcü ad və soyadlarını mənimsəməyə məcbur edilirlər.[5] 1926-cı ildə keçirilmiş SSRİ əhalisinin siyahıyalınmasında əldə edilən məlumatlara görə, Gürcüstan SSR-də 137.921 türk yaşayırdı, lakin bu göstəricilərə Gürcüstan azərbaycanlıları da daxil idi.[6] 1939-cu ildə keçirilmiş SSRİ əhalisinin siyahıyalınmasında Axısqa türklərinin çoxu azərbaycanlı olaraq göstərilmişdir.[7]

Axısqa türklərinin Gürcüstan SSR-də yaşadığı ərazilər. 1926-cı il.

SSRİ Dövlət Müdafiə Komitəsinin 31 iyul 1944-cü il tarixli 6277ss nömrəli sərəncamında yazılır: "… biz Gürcüstanın dövlət sərhədini və SSRİ-nin dövlət sərhədini qorumaq üçün türkləri, kürdlərihəmşinləri sərhəd ərazilərdən başqa yerə köçürtməyə hazırlaşırıq".[8] Qazaxıstan Sovet Sosialist Respublikası Xalq Daxili İşlər Komissarlığı 23 sentyabr 1944-cü il tarixində sovet respublikasının yeni mühacirləri – türkləri, kürdləri, həmşinləri; 5.350 kolxoz ailəsi və 750 sovkoz ailəsini qəbul etməyə hazır olduğu barədə SSRİ Xalq Daxili İşlər Komissarlığına məlumat bildirir. Özbəkistan Sovet Sosialist Respublikası məlumat verir ki, sovet respublikası planlaşdırılmış 30.000 nəfər yerinə, 50.000 nəfəri qəbul etməyə hazırdır. NKVD-nin əmriylə sürgün ediləcəkləri köçürmək üçün 239 avtomotrisa hazır vəziyyətdə saxlanılır, xalq isə hərəkətlənməyə başlayır.[9]

Axısqa türkləri 1943-cü və 1944-cü illərdə sovet gizli polisi tərəfindən bütövlükdə deportasiya edilmiş Qafqazda yaşayan altı etnik qrupdan biridir. Onların digər beşi: çeçenlər, inquşlar, balkarlar, qaraçaylılarkalmıklardır.[10] Onların deportasiya edilməsi prosesi digər etnik qruplara nisbətən az sənədləşdirilmişdir.[11] Tarixşünaslar Axısqa türklərinin sovet Mərkəzi Asiyasına sürgün edilməsinə 1944-cü ilin 14[12] və ya 15[10] noyabr tarixində start verildiyinə inanırlar. Əməliyyat 26 noyabr 1944-cü il tarixində sona çatmışdır.[13] Əməliyyatın başlanğıc mərhələsində sovet qoşunları saat səhər 4 radələrində Axısqa türklərinin yaşadıqları evlərə gəlir və onların göndəriləcəkləri yer barədə heç bir şey demir.[13] Əhaliyə daha xəbərdarlıq verilmir. NKVD tərəfindən verilən ilkin xəbərdarlıqda bildirilir: "Siz deportasiya edilirsiniz. Hazırlaşın. Sizə üç gün bəs edəcək ərzaq məhsulları götürün. Hazırlaşmağınıza iki saat vaxt verilir." Axısqa türklərini yaxınlıqlardakı dəmiryol stansiyalarına aparmaq üçün "Studebaker" yük maşınlarından istifadə edilirdi.[9] Deportasiya zamanı 212 kənddə yaşayan[14] 16.700 ailədən 92.307[15][16][5] ilə 94.955[17] arası Axısqa türkü məcburi şəkildə öz evlərindən başqa yerə köçürülmüşdür. Onlar mal-qara üçün nəzərdə tutulmuş vaqonlara yerləşdirilir[18]şərq istiqamətində irəliləyərək Mərkəzi Asiyaya deportasiya edilir. 17 noyabr 1944-cü il tarixində, saat 16.00-da 81.234 nəfər artıq Mərkəzi Asiyaya göndərilmişdi.[19]

Səyahət doğurudan da qorxunc idi. Mənim sadəcə dörd və ya beş yaşım var idi. Çox şeyi xatırlamıram, ancaq bizə soyuq idi və qatardan həmişə meyitlər atılırdı ... Özbəkistanda bizə tam təhsil almağa icazə vermirdilər. Biz təcrid olunmuşduq, bizə zülm edilirdi.

Efratun Tifur. 2016-cı il.[20]

Rəsmi sovet sənədlərində göstərilir ki, 92.307 nəfər deportasiya edilmişdir. Deportasiya edilənlərin 18.923-ü kişi, 27.309-u qadın, 45.989-u isə 16 yaşından kiçik uşaqlar idi. Deportasiya edilənlərin 52.163-ü Özbəkistan SSR-ə, 25.598-i Qazaxıstan SSR-ə, 10.546-sı isə Qırğızıstan SSR-ə yerləşdirilir. Deportasiya edilənlərin 84.556-sı kolxozlarda, 6.316-sı sovkozlarda, 1.395-i isə sənaye müəssisələrində işə alınır. Deportasiya edilən axırıncı insan 31 yanvar 1945-ci il tarixində Daşkənd şəhərinə çatır.[16]

Deportasiya edilmiş Axısqa türklərinə ailə başına maksimum cəmi 1,000 kiloqram (2,200 funt) çəkidə olmaqla özlərinə məxsus şey-şüy aparmağa icazə verilir. Bu, deportasiya edilmiş Krım tatarlara qoyulan məhdudiyyətin iki qatı idi.[21] Kürdlərhəmşinlər (müsəlman ermənilər)[15] kimi digər etnik qrupların üzvləri də Axısqa türkləri ilə birlikdə deportasiya edilir. Digər etnik qruplarla birlikdə deportasiya edilənlərin sayı təxminən 115.000 nəfərdir. Sadəcə deportasiya edilməmiş etnik qruplardan olan kişilərlə evlənmiş qadınlar buraxılır. Hər ailəyə iki saat vaxt verilir ki, özlərinə məxsus şey-şüyləri yığsınlar. Hər yük vaqonuna yeddi ailə, hər adi vaqona isə 20–25 ailə yerləşdirilir.[22] Qafqazın digər etnik qrupları kimi Axısqa türkləri də bir neçə min kilometr uzaqlığa – Mərkəzi Asiyaya köçürülür.[23] Onlar bu vaqonlarda aylarla qalmağa vadar edilirlər.[13]

Əməliyyatı icra etmək vəzifəsi 4.000 NKVD işçisinə tapşırılır.[5] Əvvəlki deportasiyalar kimi bu deportasiyaya da SSRİ Xalq Daxili İşlər Komissarlığı (NKVD) Komissarı Lavrenti Beriya rəhbərlik edir.[24] Deportasiya SSRİ Nazirlər Sovetinin sədri İosif Stalinin birbaşa əmriylə icra olunur.[25] Stalin əməliyyatı həyata keçirməsi üçün NKVD-yə 34.000.000 rubl ayırır.[21] Bu, 1930-cu illərdən 1950-ci illərə qədər sovet etnik azlıqlarının bir neçə milyon üzvünə təsir göstərmiş SSRİ hökumətinin məcburi yerləşdirmə proqramının və əhali köçürmələrinin bir parçası idi. Sadəcə İkinci Dünya müharibəsi zamanı Sovet İttifaqında 3.332.589 nəfər deportasiya edilir.[26] 1943-cü ildən 1944-cü ilə qədər Qafqaz boyunca təxminən 650.000 insan deportasiya edilir.[27][28][29]

Bu, İkinci Dünya müharibəsi zamanı Sovet Sosialist Respublikaları İttifaqı hökuməti tərəfindən gerçəkləşdirilən axırıncı deportasiya idi. Sovet səlahiyyətliləri 1956-cı ilə qədər Axısqa türklərinə hər hansı bir mülki və ya siyasi hüquq verməkdən imtina edirdi. Deportasiyadan sonra əksəriyyəti etnik ermənilərdən təşkil olunmuş 32.000 insan sovet səlahiyyətliləri tərəfindən Mesxetiyaya yerləşdirilir.

Berlin-Roma-Tokio oxu ilə əməkdaşlıqla təsqirlənən Qafqazın digər beş etnik qrupundan fərqli olaraq, Axısqa türkləri sovet hökuməti tərəfindən rəsmi şəkildə heç bir cinayətin təqsirkarı bilinməmişdir. Onlar heç döyüş meydanına yaxın belə deyildilər. Buna baxmayaraq, onlar da deportasiya edilmişdir.[10] Nasist Almaniya ordusu Mesxetiya regionunun heç 150 kilometr yaxınlığında olmamışdır.[30] Professor Qlin Vilyams belə bir qənaətə gəlmişdir ki, digər Qafqaz etnk qruplarının və Krım tatarlarının deportasiyasıyla üst-üstə düşən Axısqa türklərinin deportasiyası, eləcə də digər deportasiyalar, bu xalqların "universal kütləvi xəyanəti"nin yox, gizli bir sovet siyasətinin parçası idi.[31] Svante Kornel qeyd etmişdir ki, bu, Rusiyanın 1864-cü ildən bəri həyata keçirilən daha geniş bir siyasətinin – Qafqazdan olduqca çox müsəlman azlıqları çıxarmaq siyasətinin bir parçası idi.[7]

1945-ci ildə SSRİ-nin Türkiyəyə olan ərazi iddialarını təsvir edən xəritə.

Lavrenti Beriya 28 noyabr 1944-cü il tarixində İosif Stalinə bir memorandum göndərir. Bu memorandum Beriya Axısqa türklərini "qaçaqmalçılıq" və "təxribət üçün Türkiyə kəşfiyyatı ilə əməkdaşlıq"la günahkar görür.[15] Beriyanın gizli sərəncamı Axısqa türklərini, kürdlərihəmşinləri sərhədyanı ərazilərdə qovulmalı olan "etibarsız əhali" kimi görsətmişdir.[13] Bəzi tarixşünaslar inanırlar ki, bu məcburi köçürülmə prosesi Türkiyənin şimal-qərbi ərazilərini işğal etmək üçün Türkiyəyə meylli qrupları sərhədyanı ərazilərdən çıxarmaq arzunun bir parçası idi.[32][30] 1945-ci ilin iyul ayında SSRİ Xarici İşlər Xalq Komissarı Vyaçeslav Molotov Türkiyədən Anadolunun üç ilini SSRİ-yə təhvil verməsini tələb edir. Bu vilayətlər Qars, ƏrdəhanArtvin idi. Aleksandr BenniqsenMari Broksup nəticəyə gəlirlər ki, Axısqa türklərinin deportasiyası mümkün olan Türkiyənin şərq torpaqları uğrunda SSRİ–Türkiyə müharibəsi üçün bir ehtiyat tədbiri idi.[33] Bu iddialar və Türkiyə boğazları böhranı böyüyür. 1951-ci ildə Türkiyənin NATO-ya qoşulmasından sonra bu ərazi iddiaları geri çəkilir.[34]

Sovet səlahiyyətliləri 108 fərqli milliyətdən bir dövlət qurmağa çalışdılar.[35] Onlar ilkin mərhələdə, bu çoxmillətli dövlətin sərhədləriarası etnik qruplarını Sovet İttifaqına sərhədi olan ölkələrə təsir göstərmək üçün istismar edirdilər. Rusiyaşünaslıq üzrə professor olan Terri Martin bunun əks effektə gətirib-çıxardığını irəli sürmüşdür. SSRİ-nin "kapitalist təsiri" qorxusu axırda Mesxetiya da daxil olmaqla, dövlətin sərhədyanı ərazilərinin təmizlənməsinə səbəb olmuşdur.[36]

Axısqa türkləri xüsusi yaşayış məntəqələrinin idarəsi altına alınırlar. Bu yaşayış məntəqələrinin məqsədi SSRİ-nin mərkəzdən uzaq ərazilərində iqtisadi inkişaf üçün bir ucuz əmək sistemi olmaq idi.[37] Deportasiya olunanların çoxu məcburi əməyə şamil olunur. Xüsusi köçkünlər planlı şəkildə həftənin hər günü gündəlik 11–12 saat işləyirdilər. Onlar yorğunluqdan və donvurmadan əziyyət çəkirdilər. İş kvotasını tamamlamadıqları halda onlara qida ərzaqları verilmirdi.[38] Qida azlığı o qədər ciddi idi ki, SSRİ Xalq Komissarlar Soveti Gürcüstan SSR-dən olan köçkünlər üçün 857,000 kiloqram (1,889,000 funt) un və 213,000 kiloqram (470,000 funt) taxıl ayıran 942 rs nömrəli sərəncamı qəbul etməli oldular.[16] Sürgün olunmuş əhali hər həftə öz müşahidə orqanlarına raport verməli idi. Onlara xüsusi yaşayış məntəqələrindən qırağa getməyə icazə verilmirdi.[30] Buna baxmayaraq, Axısqa türklərinə digər etnik qruplara nisbətən daha yaxşı davranılırdı, çünki onlar müəyyən bir cinayətlə təqsirkar bilinməmişdilər.[7]

Sürgün edilmiş Axısqa türkləri xüsusi yaşayış məntəqələrində keçirdikləri ilk 12 ildə ölçüyəgəlməz məhrumiyyət və xaric dünyadan təcrid edilmənin öhdəsindən gəlməli oldular.[30] Onlar sürgünün ilk illərində xeyli çətinliklər yaşadılar. Bunlara aid idi: qida və dərmanın pis keyfiyyəti; yeni iqlimə uyğunlaşma prosesi;[16] epidemiyalar;[39] məcburi əmək.[40]

Axısqa türklərinin ölüm dərəcəsi haqqında müxtəlif təxminlər mövcuddur. Qaraçaylı demoqraf D. M. Yediyev təxmin etmişdir ki, 12.589 Axısqa türkü deportasiya ucbatından həyatını itirmişdir. Bu isə bütün etnik qrupun 13 faizidir.[41] Professor Maykl Rivkin daha yüksək bir ədəd vermişdir. Onun fikrinə görə, deportasiyaya görə 15.000 Axısqa türkü vəfat etmişdir.[42] Rəsmi, fəqət tamam olmayan sovet sənədlərində Gürcüstan SSR-dən deportasiya olunanlardan 14.895 nəfərin[43][44][16] və ya bütün xalqın 14–15.7 faizinin həlak olduğu bildirilir.[45][46] Bu siyahıda regionda yaşayan bütün etnik qrupları ehtiva edirdi, lakin Axısqa türkləri onların böyük əksəriyyətini təşkil edirdi. Sovet arxivləri həmçinin qeyd edir ki, Mərkəzi Asiyaya olan səyahət zamanı əlavə 457 nəfər həlak olmuşdur.[16] Bəzi alimlər deportasiya ucbatından 30.000[47] və ya 50.000 nəfərin[48] həyatını itirdiyinə inanırlar. 1948-ci ildən etibarən ölüm dərəcəsi 2.8 faizə enmişdir.[16]

26 noyabr 1948-ci il tarixində SSRİ Ali Sovetinin Rəyasət Heyəti deportasiya edilmiş etnik qrupları həmin uzaq regionlarda daimi sürgünlə cəzalandıran sərəncam imzalayır. Bu sərəncam çeçenlər, inquşlar, Krım tatarları, Volqa almanları, balkarlar, kalmıklar və Axısqa türklərinə şamil olunurdu.[49]

İosif Stalinin ölümündən sonra SSRİ Nazirlər Sovetinin yeni sədri seçilən Nikita Xruşşov 1956-cı ildə keçirilən Sovet İttifaqı Kommunist Partiyasının XX konqresi zamanı gizli nitq səsləndirir, bu nitqdə Stalinin müxtəlif etnik qrupların deportasiya edilmələri haqqında verdiyi qərarları tənqid edir, ancaq deportasiya edilən xalqlar arasında Axısqa türklərinin adını hallandırmır.[46] SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 28 aprel 1956-cı il və "Böyük Vətən müharibəsi zamanı deportasiya edilmiş Krım tatarları, balkarlar, sovet türkləri, kürdlər, həmşinlər və onların ailələrinin üzvlərinin xüsusi deportasiya məhdudiyyətlərinin ləğv edilməsi haqqında" başlıqlı sərəncamı adı sadalanan etnik qrupların Daxili İşlər Nazirliyinin nəzdinəki orqanların idarəedici nəzarətindən buraxılması əmrini verir, lakin onların doğma yurdlarına geri qayıtmaqlarını nəzərdə tutmur.[50] Deportasiya edilmiş digər xalqlaran fərqli olaraq, Axısqa türkləri təmizə çıxarılmamışdır.[10] Onlar öz doğma yurdlarına geri qayıtmaqlarına icazə verilməyən üç etnik qrupdan biridir. Digərləri Volqa almanları və Krım tatarlarıdır.[51]


1945–1968-ci illərdə rəsmi sovet publikasiyaları Axısqa türkləri və ya onların mənşəyi haqqında bir söz belə yazmır. SSRİ Ali Sovetinin Rəyasət Heyətinin 30 may 1968-ci il tarixli sərəncamı onların deportasiyasını etiraf edir, fəqət sərəncamın mətni iddia edir ki, Axısqa türkləri QazaxıstanÖzbəkistandakı yeni evlərinə "kökləniblər" və orada qalmaq istəyirlər.[33] Axısqa türkləri öz yurdlarına geri qayıtmaq haqqında 45 ildə 144 imza vərəqəsi hazırlayırlar. Onlar 1964-cü ildə "Sürgündəki türk xalqının milli hüquqları üzrə türk assoasiyası"nı təsis edirlər. Bu assoasiya BMT və "Amnesty International" təşkilatı ilə əlaqə qurmağa çalışırlar ki, onlara öz yurlarına geri qayıtmaqda yardım etsinlər. 1961-ci ildən 1969-cu ilə qədər Gürcüstana geri qayıtmaq üçün altı cəhd gerçəkləşir, ancaq bu qruplar yenidən deportasiya edilirlər.[52] Sovet hökuməti 1960-cı illərdə Mesxetiya regionuna geri qayıtmağı tələb edən Axısqa türk hərəkatını basdırmaq üçün repressiyaya əl atır. Bu metodlara Axısqa türkü olan aktivistlərin polis nəzarətinə alınmalar, hədə-qorxular və həbslər daxil idi. Bundan başqa, 26 iyul 1968-ci ildə Gürcüstan SSR Kommunist Partiyasının Birinci Katibi Vasil Mjavanadze bəyan edir ki, Axısqa türklərinin qayıtması üçün regionda yetərli yer yoxdur və hər il yalnız 100 ailənin geri qayıtmasına icazə verilir. 1.211 Axısqa türkü Gürcüstana geri qayıdır, lakin onlar Mesxetiya regionunan uzağa, ölkənin qərb torpaqlarına dispersiya edilirlər. 1988-ci ilin iyun ayına etnik qrupun təqribən 200 nümayənəsi Borjomi rayonunda etiraz aksiyası keçirir və tələb edir ki, öz yurdlarına geri qayıtsınlar. 1989-cu ildə Gürcüstanda yalnız 35 ailə qalır. Eyni zamanda, Mesxetiya regionuna geri qayıan Axısqa türkləri oranı tərk etməyə vadar edilirlər.[14]

Onlar bizə deyilirlər ki, biz arzuolunmazıq. Özbəkistanda bunu bizə özbəklər, Qazaxıstanda bunu bizə qazaxlar deyir, indi isə digər respublikalarda şayiələr yayılır ... Əgər onlar bizi heç öz əcdadlarımızın torpaqlarına getməyə qoymurlarsa, biz harada yaşaya bilərik?

anonim Axısqa türkü olan qazaxıstanlı cərrah. 1991-ci il.[11]

Vəziyyət, ən azınan sənəd üzərində, 1980-ci illərdə – SSRİ Nazirlər Sovetinin yeni seçilmiş sədri Mixail Qorbaçov dövlətin stalinist keçmişiylə olan bütün əlaqələri kəsmək qərarını alanda dəyişir. SSRİ Ali Soveti 14 noyabr 1989-cu il tarixində bəyan edir ki, Stalin hakimiyyəti dövründə, Axısqa türkləri də daxil olmaqla, etnik qrupların məcburi köçürülməsi "illeqal və kriminal"dır. Boris Yeltsinin rəhbərliyindəki Rusiya SFSR Ali Soveti 26 aprel 1991-ci il tarixində repressiyaya uğramış xalqların təmizə çıxarılması haqqında qanun qəbul edir. Qanunun ikinci maddəsi bütün kütləvi deportasiyaları "Stalinin diffamasiyasoyqırım siyasəti" adlandıraraq qınayır.[53] SSRİ-nin 1991-ci ildə süquta uğramasından sonra belə yenicə müstəqillik qazanmıç Gürcüstan Respublikası Axısqa türklərinə Mesxetiya regionuna geri qayıtmaq hüququ vermək təklifini rədd edir.[54] Gürcüstanda nadir istisnalardan biri Quram Mamuliyadır. O, Axısqa türklərinin Mesxetiya regionuna geri qayıtmaq hüququnu dəstəkləmiş bir siyasətçi, tarixşünas və insan hüquqları aktivistidir. Sovet deportasiyaları zamanı başqa yerlərə köçürülən digər etnik qruplardan fərqli olaraq, Axısqa türkləri Aleksandr NekriçRobert Konkvestin yazdığı, mövzunu əhatə edən kitablarda çox az yer tutur.[55] Rusiya tarixşünası Pavel Polyan Stalin hakimiyyəti dövründə Qafqazdakılar da daxil olmaqla, bütün etnik qrupların deportasiya edilmələri bəşəriyyətə qarşı cinayət hesab etmişdir. O həmçinin, qeyd etmişdir ki, nəzərə alınsa ki, İkinci Dünya müharibəsi zamanı 40.000-ə yaxın Axısqa türkü SSRİ uğrunda vuruşmuşdur, xəyanətə görə kəsilən işlər "həm ədalətsiz, həm də ki hipotetik" idi.[56]

1989-cu ilin iyun ayında Axısqa türkləri Özbəkistan SSR-in Fərqanə vadisi olaraq adlandırılan bölgəsində özbək milliyətçilərinin zorakılığına məruz qalırlar. Bu, tarixşünaslıqda Fərqanə hadisələri olaraq bilinir. Bu hadisələrə qədər Axısqa türklərinin mövcud olması haqqında çox az insan məlumatlı idi və onlar üzərində olduqca az elmi araşırma aparılmışdı.[57] Fərqanə vadisində gerçələşən etnik qarşıdurmalardan sonra 70.000 Axısqa türkü ölkəni tərk edir və Azərbaycan da daxil olmaqla, yeddi Postsovet ölkəsinə qaçır.[58] 2006-cı ildə əldə edilmiş statistik məlumatlara görə, Axısqa türkləri 260.000–335.000 insanan təşkil olunmuşdur.[1] Rusiya səlahiyyətliləri Axısqa türklərinə Rusiya vətəndaşlığı vermək imtina etdiklərindən Avropa Şurası Krasnodar şəhərindəki icmalarını "hüquqi qeyri-müəyyənlik" olaraq təsvir etmişdir. Axısqa türklərinin əksəriyyəti de-fakto dövlətsiz yaşayırlar.[59]

  1. 1 2 3 Council of Europe, (2006). səh. 22
  2. Aydıngün və b. (2006). səh. 4
  3. Aydıngün və b. (2006). səh. 5
  4. Kiernan, (2007). səh. 511
  5. 1 2 3 Polian, (2004). səh. 155
  6. Jägerskiöld, (1986). səh. 217
  7. 1 2 3 Cornell, (2005). səh. 170
  8. Bugay, (1996). səh. 137
  9. 1 2 Bugay, (1996). səh. 140
  10. 1 2 3 4 Wimbush, Wixman, (1975). səh. 320
  11. 1 2 Human Rights Watch, (1991). səh. 51
  12. Warikoo, Norbu, (1992). səh. 115
  13. 1 2 3 4 Swerdlow, (2006). səh. 1834
  14. 1 2 Khazanov, (1995). səh. 200
  15. 1 2 3 Hasanli, (2014). səh. 248
  16. 1 2 3 4 5 6 7 Bugay, (1996). səh. 143
  17. Buckley, Ruble və Hofmann, (2008). səh. 204
  18. Brennan, Dan. "Guram Mamulia". The Guardian (ingilis). April 5, 2003. November 20, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2019.
  19. Bugay, (1996). səh. 141
  20. "Meskhetian Turks find shelter after decades of persecution" (ingilis). Irish Times. December 31, 2016. April 29, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 2, 2019.
  21. 1 2 Marie, (1995). səh. 111
  22. Polian, (2003). səh. 86
  23. Markusen, Kopf, (1995). səh. 115
  24. Mikaberidze, (2015). səh. 191
  25. Mirkhanova, (2006). səh. 33
  26. Parrish, (1996). səh. 107
  27. Bugay, (1996). səh. 106
  28. Pokalova, (2015). səh. 16
  29. Mawdsley, (1998). səh. 71
  30. 1 2 3 4 Swerdlow, (2006). səh. 1835
  31. Williams, (2001). səh. 386
  32. X. Clines, Francis. "57 Reported Dead in Uzbek Violence" (ingilis). New York Times. June 7, 1989. August 26, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 4, 2019.
  33. 1 2 Bennigsen, Broxup, (1983). səh. 30
  34. Hasanli, (2011). səh. 365, 382
  35. Cohen, (2014). səh. 231
  36. Martin, (2001). səh. 342
  37. Pohl, (1999). səh. 48
  38. Viola, (2007). səh. 99
  39. Bugay, (1996). səh. 147
  40. Bhat, (2015). səh. 33
  41. Buckley, Ruble və Hofmann, (2008). səh. 207
  42. Rywkin, (1994). səh. 67
  43. Pohl, (2000). səh. 267
  44. Travis, (2013). səh. 82
  45. Parrish, (1996). səh. 108
  46. 1 2 Human Rights Watch, (1991). səh. 53
  47. Akiner, (2013). səh. 261
  48. Jones, (1993). səh. 14
  49. Sakwa, (2005). səh. 292
  50. Bugay, (1996). səh. 85
  51. Kaiser, (2017). səh. 368
  52. Jones, (1993). səh. 15
  53. Perovic, (2018). səh. 320
  54. Human Rights Watch, (1991). səh. 54
  55. Khazanov, (1992). səh. 1
  56. Polian, (2004). səh. 125–126
  57. Aydingün, (2002). səh. 185
  58. Council of Europe, (2006). səh. 21
  59. Council of Europe, (2006). səh. 24

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]