Antroponimika

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Antroponimika — onomastikanın antroponimləri öyrənən şöbəsidir. Antroponimik kateqoriyalar 2 formada işlənir: a) əsas adlar; b) köməkçi adlar. Rəsmi qeydiyyata alınan adlar əsas sayılır. Şəxsin adı, atasının adı və soyadı rəsmi şəkildə qeydə alınır. Köməkçi ad kateqoriyasına ləqəb, təxəllüs, titul və fəxri adlar daxildir. Bunlar hər hansı bir şəxsin həyatı və yaradıcılığının müəyyən mərhələsində meydana gəlir və onun ya adına qoşularaq birgə, ya da adını əvəz edərək təklikdə işlənir.

A.Qurbanova görə, Azərbaycan onomastik sisteminin əsas layını təşkil edən antroponimlərin keçdiyi mürəkkəb tarixi inkişaf yolunu aşağıdakı kimi dövrləşdirmək olar:

1. Qədim dövrlərdə Azərbaycan antroponimləri (XII əsrin sonuna qədər);

2. XIII – XVIII əsrlərdə Azərbaycan antroponimləri;

3. XIX əsrdə Azərbaycan antroponimləri;

4. XX əsrdə Azərbaycan antroponimləri.

I. Dövrün antroponimik sisteminə təsir edən əsas tarixi hadisə ərəb xilafətinin Azərbaycanda hökmranlığı olmuşdur. Təsadüfi deyil ki, müasir Azərbaycan antroponimlərinin xeyli hissəsini ərəb mənşəli adlar təşkil edir. Bu dövrdə ləqəblər geniş yayılaraq, bir növ, təxəllüs xarakteri daşıyırdı.

II. XIII əsr Azərbaycan antroponimik sistemində monqol əsarəti ilə bağlı olaraq bir çox monqol mənşəli şəxs adları meydana çıxmışdır. XIII – XVIII əsr Azərbaycan antroponimləri dil tərkibinə görə 3 qrupa bölünür: 1) xalis Azərbaycan antroponimləri; 2) ərəb-fars mənşəli antroponimlər; 3) monqol mənşəli antroponimlər.

III. Bu dövrün antroponimləri (XIX əsr) sistemində diqqəti cəlb edən ən maraqlı xüsusiyyət soyadların yaranmasıdır. XIX əsrə qədər ad, ləqəb, təxəllüs kimi formalar soyadını əvəz etmişdir. XIX əsr Azərbaycan antroponimlərinin xarakterik xüsusiyyətlərindən biri də 2 və 3 üzvlü antroponimik formalardan istifadədir.

IV. XX əsrin əvvəllərində, bir tərəfdən, XIX əsrə məxsus antroponimik modellər hökm sürür, digər tərəfdən, XX əsrin ziddiyyətlərindən doğan Avropa və başqa mənşəli adlar məişətimizə daxil olurdu. 1920-30-cu illərdə yeni quruluşu əks etdirən, maarif, mədəniyyət, elm anlayışlarını bildirən adlar meydana gəlmiş, yazılı ədəbiyyat vasitəsilə müxtəlif dillərə məxsus adlar dilimizə keçmişdir: İnqilab, Şura, Alim, Savad, Hamlet, Esmiralda, İndira, Lüdmila, Sokrat və s. 1940-cı illərdə dövrün ahənginə uyğun adlar yaranmışdır: Vətən, Qələbə, Müdafiə, İntiqam, Sülhiyyə, Qoşun və s. XX əsrdə təxəllüsün ada çevrilməsi diqqəti cəlb edir. Görkəmli sənətkarların təxəllüslərinin bir çoxu şəxs adı kimi işlənilir.

Antroponimlər xalqın milli ənənələri, mədəniyyət və dünyagörüşünün inkişafı ilə çox möhkəm bağlıdır. Buna görə də ümumi tərəqqiyə müvafiq olaraq zaman-zaman şəxs adlarının tərkibində seçmə, təzələnmə prosesi gedir. Belə bir prosesdə dövrün yüksək mədəni, ictimai-siyasi səviyyəsinə uyğun gəlməyən, onunla səsləşməyən adlar az işlənir, nəticədə dilin passiv lüğətinə keçir. Dilimizdəki Xansənəm, Zalxa, Şahnisə, Şahsənəm, Şahpəri, Fatmanisə, Gülpəri, Balaxanım, Ocaqqulu, Şərəbanu və s. adlar bu tiplidir.

XX əsrin 60-70-ci illərindən antroponimlərimiz tərkibində Turan, Tural, Toğrul, Orxan, Turxan, Oqtay, Elcan, Araz, Elgün kimi mərdlik və mübarizlik simvolu olan kişi adları, Aygün, Aytəkin, Aybəniz, Aytac, Gülay, Günay, Günel kimi incəlik və zərifliyi özündə təcəssüm etdirən qadın adları geniş yayılmışdır. Dilimizin saflığını qorumaq, tarixi keçmişimizi yada salmaq və yaşatmaq baxımından bu cür adların işlədilməsi müsbət hadisədir. Müasir dilimizdəki ikikomponentli adlardan uzaqlaşmaq ənənəsi mütərəqqi xarakterlidir, bu adlar get-gedə azalmağa başlamışdır. Bir çox xalis Azərbaycan adları müəyyən səbəblərdən istifadədən qalmışdır. Lakin həmin adlar yenə də məişətə gətirilir, geniş istifadə olunur. Belə adlara yeni həyat verilməsində bədii ədəbiyyat xüsusi rol oynayır. Unudulmuş adların yenidən dilə qayıtması mütərəqqi onomastik hadisədir.

Müasir Azərbaycan antroponimlərini inkişaf etdirmək üçün aşağıdakı mənbələr mövcuddur: a) ənənəvi Azərbaycan adları; b) bədii əsərdəki surət adları; c) başqa xalqların adları. Adlar sistemini inkişaf etdirmək üçün ən əvvəl dilimizin mədəni xəzinəsindən, imkanlarından istifadə etmək, qədim adları üzə çıxarmaq, yenisini yaratmaqla həyata keçirmək daha məqsədəuyğundur.

Şəxs adı antroponimik leksikanın ən geniş sahəsini təşkil edir. Antroponimik sistemdə şəxs adları mühüm mövqeyə malikdir. Şəxs adı cəmiyyətdə bir insanı digərindən fərqləndirmək üçün istifadə olunur. Cəmiyyət üzvlərini, fərdləri fərqləndirmək vasitəsi olan şəxs adları hər bir insanın ictimai vəziyyəti, estetik zövqü və dövrün hüquq normaları ilə bağlıdır. Şəxs adları cəmiyyət üzvləri arasında ünsiyyət, qarşılıqlı münasibət yaradılmasına xidmət edir. Onlar dilin lüğət tərkibi əsasında yaranır, bu adların əsas mənbəyi ümumxalq dilidir. Şəxs adları rəsmi ad hesab olunur, onlar rəsmi dövlət sənədlərində öz əksini tapır.

Şəxs adı insanı adlandırmaqdan başqa, müəyyən mənaya da malikdir. İlk növbədə, adın apelyativ mənası var, daha sonra buraya onomastik məna da əlavə olunur. Onomastik mənası şəxs adı bildirməsidir.

Şəxs adları etnonimlərdən, toponimlərdən, zoonimlərdən, fitonimlərdən, kosmonimlərdən, ktematonimlərdən, dini-morfoloji anlayışla bağlı sözlərdən, qohumluq, dostluq anlayışı ilə, ailənin istək və arzusu ilə bağlı, zaman, təbiət hadisələri, ictimai hadisələr, təsviri anlayışla bağlı sözlərdən yaranır. Şəxs adlarının əsas xüsusiyyətlərindən biri kişi və qadın adlarını bildirməsidir. Kişi adlarının başlıca xüsusiyyəti mərdlik, cəsarət, igidlik, möhkəmlik və s. kimi mənalar əsasında yaranmaqdan ibarətdir. Qadın adlarına xas olan cəhətlər zəriflik, mülayimlik, gözəllik arzusunun ifadəsidir. Bir qrup ad isə həm kişi, həm də qadın adı kimi işlənir, yəni müştərək addır.

Adın leksik mənası ilə şəxs arasında heç bir əlaqə yoxdur. Adın şöhrətlənməsində şəxsin ictimai həyatdakı fəaliyyəti əsas rol oynayır. Uşağa verilən ad onun xarakterinə, taleyinə, xarici görünüşünə heç bir təsir göstərmir.

Adqoyma adət-ənənələrlə bağlıdır. Körpəyə ad verilərkən ya ailədə vəfat etmiş şəxsin adı verilir, ya da həyatda mövcud olan digər real adlardan istifadə olunur. Bəzən də valideynlərin və digər qohumların istək və arzularından asılı olaraq onun üçün tamam yeni ad yaradılır. Gözəl və yaraşıqlı adlar içərisində Kimya, Makina, Sərxoş və s. kimi zövqsüz və uydurma adlara da təsadüf olunur. Bu cür ad sahibləri sonralar böyüyüb öz adlarını bəyənmir və onları öz arzuları ilə xoşagələn adlarla əvəz etməyə məcbur olurlar.

Keçmişdə olduğu kimi, indi də şəxsə hansı mənalı ( və ya daimi) adın verilməsi ad verənin dünyagörüşündən, zehni-əxlaqi və bilik səviyyəsindən, öz kökünə, xalqına bağlılığından, həyat hadisələrinə subyektiv münasibət bəsləməsindən asılıdır.

Ad körpənin özü ilə əlaqədar olmur, əsasən, onu başqalarından fərqləndirməyə xidmət edir, yalnız nominativ xarakter daşıyır. Körpələrə ad seçərkən valideynlərin (və ya digər qohumların) istək və arzusu əsas rol oynayır; valideynlər bir-birinə olan sədaqət, etibar və məhəbbətini körpənin adında əks etdirir; ailədə valideynlər oğul həsrətində olduqlarını qızların adlarında ifadə edirlər; ailədə qafiyəli adlardan geniş istifadə olunur.

İlk insanlar nitq vərdişlərinə yiyələnməyə başladıqları dövrdən adlardan istifadəyə ehtiyac duymuş və bu ehtiyac da şəxs adlarını yaratmışdır. İlk adlar müasir dövrdəkindən fərqli olaraq rəsmi xarakter daşımırdı və heç bir sənəddə əks olunmurdu, lakin heç kim şəxsin adını dəyişdirə bilməzdi. Bu işi ancaq qəbilə başçıları lazım gəldikdə həyata keçirə bilərdi.

Şəxs adlarının yaranmasında xalq iştirak edir və adlarda xalqın sevinci, kədəri, adət-ənənələri, məhəbbəti, inamı, dünyagörüşü, igidliyi, milli psixologiyası, istək və arzusu, mübarizliyi, mərdliyi və s. öz əksini tapdığı üçün onlar çox zəngin və rəngarəngdir.

Elmi ədəbiyyatda «qoruyucu adlar»a çox vaxt «yalançı, aldadıcı adlar» da deyilir. Bunlar insanların dini inamları və müvafiq adət-ənənələrlə əlaqədar olur. Qoruyucu adlar müəyyən zərurət nəticəsində yaranır. Məsələn, ailədə körpə tez-tez öləndə və ya xəstələnəndə guya şər qüvvələrdən qorumaq üçün ona öz adından başqa, qeyri-rəsmi ikinci ad da verilir. Guya şər qüvvələr ona yaxınlaşanda çaşsın və ona bir xətər yetirə bilməsin. Belə adlar çox vaxt estetik cəhətdən gözəl olmur. Məsələn, Yetim, Dilənçi, Qotur, Çopur və s.

Qədim türklərdə şəxsin daimi adının meydana gəlməsində şəxsin özü, doğulduğu şərait, xarici görünüşü, o dövrdə baş verən hadisələr, böyüdükdə isə onun göstərdiyi igidlik və qəhrəmanlıqlar mühüm rol oynayırdı. Ad vermək hüququna yalnız qəbilə və tayfanın ağsaqqalı rolunu malik idi. Ad vermək adverəndən böyük bilik və bacarıq tələb edirdi.

Müasir adlardan fərqli olaraq qədim türk adları şəxsin fəaliyyəti ilə əlaqədar olub onların cəmiyyətdəki mövqelərini də bildirirdi. Türkün adı onun özü ilə bağlı idi. Qədim türk ad sisteminin təsiri ilə müstəqil ad sistemi kimi formalaşan ərəb ad sistemi onu parçaladı və inkişaf istiqamətini dəyişdi. Türk xalqları islam dinini qəbul edəndən sonra qədim türk ad sistemi və milli adlar tədricən sıxışdırıldı.

Qədim türklərdə şəxs uşaqlıq dövründə bir adla, gəncliyində başqa bir adla, yetkinlik dövründə isə yaşına uyğun olaraq üçüncü bir adla adlanırdı. Şəxsin göstərdiyi igidlik və qəhrəmanlıqlardan asılı olaraq adın sayı çoxala da bilərdi. Şəxsin ad alması onun fəaliyyətindən, qəbilə qarşısında göstərdiyi xidmətlərdən asılı idi. Lakin şəxs ikinci dəfə igidlik adı alandan sonra o ancaq bu adla şöhrətlənərdi, əvvəlki adı isə tədricən unudulardı. Orta əsrlərdə türk hökmdarları islamı qəbul edərkən dini adlar da alardılar.

Elə şəxslər də vardır ki, onlar rəsmi sənədlərində bir, həyatda isə başqa adla adlanırlar. Şəxsin anadan olarkən aldığı addan sonra götürdüyü adları ikinci ad adlandırmaq olar. Bunu həm qədim türklərə, həm də müxtəlif səbəblərə görə adlarını dəyişən müasir şəxslərə də şamil etmək olar. Bu, keçmişdə ad sistemi ilə əlaqədar idisə, müasir dövrdə şəxsin fərdi istək və arzusu ilə bağlıdır. Qədim türklərdə şəxsin igidlik (ikinci) adı çox vaxt müasir dövrdə başa düşülən ləqəblər olmuş və tədricən ikinci ad funksiyası daşımışdır: Buğac, Bamsı Beyrək, Halaypozan, Topdağıdan və s. ikinci adlar qədim türk, ləqəblər isə ərəb ad sistemi ilə əlaqədardır.

Türklərdə ata adlarından istifadə qədim tarixə malikdir. Ata adları ayrılıqda şəxs adlarıdır. Onun şəxs adı və ya ata adı olması ancaq «oğlu» və ya «qızı» sözləri ilə müəyyənləşir. Onlar rəsmi ad hesab olunsa da, bütün sənədlərdə öz əksini tapsa da, canlı nitqdə onlardan istifadə olunmur.

Əsas ad kateqoriyasının mühüm hissəsini təşkil edən və rəsmi xarakter daşıyan soyadlar son illərə qədər «familiya» adlanmışdır. «Soy adı» termini «familiya»nın ifadə etdiyi mənadan daha realdır. Çünki o həm qəbilə, tayfa, həm də nəsil və ailə adlarını da özündə əks etdirir. Soyadlar da ata adları kimi seçilmir və körpəyə ata-babadan keçir. Soyadlar cəmiyyətdə qan qohumluğu olan bir insan qrupunu başqa qan qohumluğu olan insan qruplarından fərqləndirməyə xidmət edir. Onun əsasında tayfa və nəslin adı durur, tayfa və nəslin bütün üzvlərinə eyni dərəcədə xidmət edir. Bütün xüsusi adlar kimi soyadlar da ictimai həyatın məhsuludur. Bütün qədim türk xalqlarında, o cümlədən Azərbaycanda müasir «familiya» (soyad) termininin funksiyasını qəbilə və tayfa adları (etnonimlər) yerinə yetirmişdir.

Türk xalqlarının soyadları əsasında əmələ gələn nəsəb və nisbələr sonralar bir yenilik kimi ad sistemimizə keçmişdir. Onlardan hakim dairələr, alim, şair, ruhanilər arasında geniş istifadə olunsa da, tarixi faktlar və antroponimik nümunələr bir daha sübut edir ki, zəhmətkeş kütlələr ən çox ailə-nəsil ləqəblərindən soy adı kimi geniş istifadə etmişlər. Nəsəblər həm şəxsin ata adını, həm də baba və ulu babalarının da adını bildirir. Ərəb ad sistemində meydana çıxan «nisbə» isə şəxsin əcdadının, özünün anadan olduğu ölkənin, şəhərin, qəsəbə, hətta kəndin adını bildirir.

Köməkçi ad kateqoriyasının ən geniş və maraqlı sahələrindən biri ləqəblərdir. Ədəbi dildə ləqəb, dialekt və şivələrdə isə ayama işlənir. Ləqəblər şəxsin xarici görünüşü, düşüncə və qabiliyyəti, müəyyən vərdişi, igidlik və qorxaqlığı, başqa şəxs, əşya və canlılara oxşarlığı, obyektiv varlığa subyektiv münasibəti, yaşayış yeri, ictimai vəziyyəti, peşə və ya vəzifəsi və s. ilə əlaqədar olan köməkçi adıdır. Ləqəb insana ömrünün müxtəlif dövrlərində verilir. Ləqəblərin meydana gəlməsi iki əsas şərtlə bağlı olur. Birinci, şəxsin özü ləqəbin meydana gəlməsi üçün əsas rol oynayır. İkincisi, ləqəbin yaranması başqalarının həmin şəxsə münasibətindən asılıdır. Ləqəblər meydana gəldiyi dövrdən çox məhdud dairədə işlənir. Ləqəblərin əsas funksiyası şəxsi xarakterizə etməkdir. Əsasən, qiymətləndirici xüsusiyyətə malikdir. Ləqəblərdən iki formada istifadə olunur: 1) əsil adsız işlənən; 2) əsil adla işlənən ləqəblər.

Köməkçi ad kateqoriyasının ən maraqlı sahələrindən biri də titullardır. Titullar həmişə hakim təbəqənin nümayəndələrinə xidmət etmişdir. «Titul» terminini ilk dəfə Azərbaycan dilinə gətirən A.Bakıxanov olmuşdur. Bütün dövrlərdə, bütün xalqlarda titullar irsi olmuş, rəsmi şəkildə atadan övlada keçmişdir. Orta əsrlərdə fəxri adlar da titullar kimi hakim siniflərə xidmət etsə də, verilmə xarakterinə, ifadə etdikləri mənaya və formalarına görə onlardan əsaslı şəkildə fərqlənirdi. Fəxri adlar mənsub olduğu şəxslə birlikdə ölüb gedir.

Titullar şəxsə vəzifəsi, fəxri adlar isə şəxsin vəzifəsi ilə əlaqədar göstərdiyi sədaqət, igidlik, qəhrəmanlıq və fədakarlığına görə verilir: Əmir Teymur, Qazi Bürhanəddin və s. Məhəmməd peyğəmbərin «Rəsulallah» adını dini «fəxri ad» hesab etmək lazımdır.

Təxəllüslər sənətkarların şəxsi keyfiyyətləri, dünyagörüşü, peşəsi, bacarığı, istedadı, biliyi, milliyyəti, vətəni, məqsəd və arzuları ilə əlaqədar olur.

«İmza» daha geniş mənaya malikdir. Çünki «imza» müəllifin həm təxəllüsü, həm də avtonimi ola bilər. Avtonim isə müəllifin yazdığı əsər üzərində qeyd etdiyi ad və soyadıdır.