Azərbaycan himni

Vikipediya saytından
Naviqasiyaya keç Axtarışa keç
Azərbaycan himni
Himnin musiqi notları
Himnin musiqi notları

Azərbaycan Azərbaycan rəsmi himni
Bəstəkar Üzeyir Hacıbəyov, 1919
Sözlərin müəllifi Əhməd Cavad və ya Cəmo Cəbrayılbəyli, 1919
Təsdiqi 30 yanvar 1920, 27 may 1992
Audio nümunəsi
Vokal versiya
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Azərbaycan marşıAzərbaycan Respublikasının rəsmi dövlət himni.

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan edildi. Xalq Maarif Nazirliyi dövlət himninin layihəsinin şərtlərini "Azərbaycan" qəzetində dəfələrlə elan edərək bildirmişdi ki, təqdim ediləcək ən yaxşı dövlət himni layihəsinə görə 50 min manat mükafat təyin edilir. Müsabiqə iştirakçıları layihələrini həmin ilin may ayının 1-dək Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Müsabiqənin nəticələri mayın 28-dək Azərbaycan Xalq Cümhuriyyətinin ikinci ildönümünə qədər elan edilməli idi. Lakin 1920-ci il aprelin 28-də Azərbaycanın Sovet Rusiyası qoşunları tərəfindən işğalı və Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himninin qəbul olunmasına imkan vermədi.

1992-ci il mayın 27-də parlament "Azərbaycan Respublikasının Dövlət Himni haqqında" Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə bəstəkar Üzeyir Hacıbəyov və şair Əhməd Cavad tərəfindən tərtib edilmiş "Azərbaycan marşı" Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edildi.

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli qərarı ilə Azərbaycan Respublikası Dövlət himni haqqında əsasnamə təsdiq edilmişdir.

Cümhuriyyət illərində Üzeyir Hacıbəyov iki marş yazmışdır. Onların hər ikisi 1966-cı ildə türk musiqişünası Etem Üngörükün[tr] Ankarada nəşr etdirdiyi "Türk marşları" kitabında çap olunmuşdur.

Sosial şəbəkədə himnin 3 və 4-cü sətrlərdəki (“Səndən ötrü…”) bəstəsinin Osmanlı dövrü rumın əsilli Moldova dövlət xadimi, tarixçi və bəstəkar Dmitri Kantemirin ”Üsküdara gedərkən (Katibim)”[tr] bəstəsindən plagiat olduğu iddia edilib.[1]

2018-ci ildə Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında himn mövzusunu yenidən gündəmə gətirib. O deyib ki, bütün dünya dövlətlərinin himnlərində bir meydangirlik var: “Misal üçün, həmin Üzeyir Hacıbəyov Azərbaycan SSR-in himnini yazıb. “Heyratı” üzərində. İndiki himnimizsə bir növ mərsiyə janrındadır, hardasa “Mirzə Hüseyn” segahını xatırladır. Bədbin notlar üzərində qurulub”.[2][3]

1919-cu ildə "Milli nəğmələr" adlı şeirlər kitabında yerləşən "Vətən marşı" şeirinin mətninin sonunda müəllif kimi "Cəmo bəy" göstərilmişdir

“Milli nəğmələr” (Bakı. 1919, səh. 22) kitabında “Vətən marşı” başlığı altında dərc edilmiş mətnin orijinalı belədir:

Azərbaycan, Azərbaycan
Ey qəhrəman övladın vətəni. (2)
Səndən ötrü can virməgə cümlə hazırız.
Səndən ötrü qan tökməgə cümlə qadiriz.
Üçrənglu bayrağınla məsud yaşa. (2)
Binlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu,
Hiquqin dərk edən əfrad
Hərə bir pəhlivan oldu.
Sən olasan gülüstan, sənə hər dəm can qurban.
Sənə bir çoq məhəbbət sinəmdə dutmuş məkan.
Namusuni hifz etməyə, bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır.
Şanlı vətən.

Azərbaycan Respublikasının Dövlət himninin mətninin görkəmli Azərbaycan şairi Əhməd Cavada məxsus olduğu qeyd edilir.[4]

Latın qrafikası (rəsmi)
Kiril qrafikası
Ərəb qrafikası

Azərbaycan! Azərbaycan!
Ey qəhrəman övladın şanlı Vətəni!
Səndən ötrü can verməyə cümlə hazırız!
Səndən ötrü qan tökməyə cümlə qadiriz!
Üçrəngli bayrağınla məsud yaşa!
Üçrəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,
Sinən hərbə meydan oldu!
Hüququndan keçən əsgər,
Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,
Sənə hər an can qurban!
Sənə min bir məhəbbət
Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,
Bayrağını yüksəltməyə
Cümlə gənclər müştaqdır!
Şanlı Vətən! Şanlı Vətən!
Azərbaycan! Azərbaycan!
Azərbaycan! Azərbaycan!
[5][6]

Азәрбајҹан! Азәрбајҹан!
Еј гәһрәман өвладын шанлы Вәтәни!
Сәндән өтрү ҹан вермәјә ҹүмлә һазырыз!
Сәндән өтрү ган төкмәјә ҹүмлә гадириз!
Үчрәнҝли бајрағынла мәсʼуд јаша!
Үчрәнҝли бајрағынла мәсʼуд јаша!

Минләрлә ҹан гурбан олду,
Синән һәрбә мејдан олду!
Һүгугундан кечән әсҝәр,
Һәрә бир гәһрәман олду!

Сән оласан ҝүлүстан,
Сәнә һәр ан ҹан гурбан!
Сәнә мин бир мәһәббәт
Синәмдә тутмуш мәкан!

Намусуну һифз етмәјә,
Бајрағыны јүксәлтмәјә
Ҹүмлә ҝәнҹләр мүштагдыр!
Шанлы Вәтән! Шанлы Вәтән!
Азәрбајҹан! Азәрбајҹан!
Азәрбајҹан! Азәрбајҹан!
[7][a]

آذربایجان! آذربایجان!
ای قهرمان اؤولادین شانلی وطنی!
سندن اؤترو جان وئرمه‌یه ج‍ۆمله هازیریز!
سندن اؤترو قان تؤکمه‌یه ج‍ۆمله قادیریز!
اۆچرنگلی بایراغینلا مسعود یاشا!
اۆچرنگلی بایراغینلا مسعود یاشا!

مینلرله جان قۇربان اوْلدو،
سینه‌ن حربه مئیدان اوْلدو!
حۆقوقوندان کئچن عسگر،
هره بیر قهرمان اوْلدو!

سن اوْلاسان گۆلوستان،
سنه هر آن جان قۇربان!
سنه مین بیر محبّت
سینه‌مده تۇتموش مکان!

ناموسونو حیفظ ائتمه‌یه،
بایراغینی یۆکسلتمه‌یه
ناموسونو حیفظ ائتمه‌یه،
ج‍ۆمله گنجلر مۆشتاقدیر!
شانلی وطن! شانلی وطن!
آذربایجان! آذربایجان!
آذربایجان! آذربایجان!

Türk musiqişünası Etem Üngörün “Türk marşları” kitabında (Ankara 1966) sadəcə musiqinin deyil, sözlərin də müəllifi Üzeyir bəy göstərilirdi. Hətta Ramazan Xəlilov Üzeyir bəyin öz dəst xətti ilə yazılan milli marşın əlyazmasını əldə edibmiş. Orada Ü. Hacıbəyovun öz xətti ilə rus dilində musiqi və sözləri Üzeyir Hacıbəyov deyə yazıldığı iddia edilib. Lakin bu əlyazma rəsmiləşdirilməyib, ortaya da çıxmayıb.[8]

Tarixçi Möhsün Əliyev 1990-cı ildə “Ədəbiyyat və incəsənət” qəzetinin 20 aprel nömrəsində yazdığı məqalədə vurğulayır ki, “Azərbaycan marşı”nın sözləri Cəmo Cəbrayılbəylinindir.[8]

1999-cu ilin fevralında “Respublika” qəzetində himnin şeir mətninin 1919-cu ildə Bakıda nəşr edilən “Milli nəğmələr” adlı şeirlər məcmuəsində “Vətən marşı” başlığı və “Cəmo bəg” imzası ilə çap edilməsi haqda yazı çıxandan sonra Dövlət himninin sözlərinin müəllifliyi ətrafında müzakirələr başlanıb.[9]

AMEA Ədəbiyyat İnstitutunun Elmi Şurasının tələbi ilə yaradılan xüsusi komissiya 2000-ci il 1 fevral tarixində akademik Bəkir Nəbiyevin sədrliyi ilə keçirilən iclasda himnin mətninin Əhməd Cavada məxsus olmaması barədə birmənalı şəkildə qərar verdi.[8]

Sabiq millət vəkili olan xalq şairi Vaqif Səmədoğlu bu müzakirələri yersiz hesab edərək himnin sözlərini və musiqisini dəyişdirməyin düzgün olmadığını bildirib. Səmədoğlu müzakirələr gedən zaman Əhməd Cavadın himnimizin mətn müəllifi olaraq qəbul edilməsinin əsaslandırılmış şəkildə olduğunu bildirmişdi:

“İndi hər kəs bir söz danışır. Biri deyir, sözləri Camo bəy yazıb, başqa birisi deyir Əhməd Cavad yazıb. Hətta mətni Üzeyir bəyin özünün də yazdığını deyənlər var. Mən də fikrimi bildirim. 1968-ci ildə maestro Niyazi Türkiyədən "Azərbaycan" adlı jurnal gətirmişdi. Mənə zəng vurub bu barədə danışdı və görüşdük, o, həmin dərgini mənə verdi. Bu jurnal bütövlükdə Mustafa Kamal Atatürkün vəfatının ildönümünə həsr olunmuşdu. O mərasimdə çıxış edənlər sırasında Mustafa Vəkilov da var idi. O, "Azərbaycan marş"ından da danışmışdı və jurnalın əvvəlində indiki himnimizin sözləri və notu çap olunmuşdu. Onun bəstəkarı kimi Üzeyir Hacıbəyovun, mətn müəllifi kimi isə Əhməd Cavadın adı qeyd olunub. Mən o vaxt həm o mətni köçürdüm, həm də notu. Sonra jurnalı Niyazinin özünə qaytardım. Uzun müddət sonra notu Aydın Əzimova verdim, o, musiqinin üstündə işlədi".[10]

2011-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası N.Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş elmi işçisi, filologiya elmlər namizədi Asif Rüstəmli himnimizin sözlərinin Əhməd Cavada aid olmadığını iddia edib. A. Rüstəmlinin sözlərinə görə, Ə.Cavadın müəllif kimi qəbul edilməsi heç bir faktla əsaslandırılmayıb. Üstəlik, o bildirib ki, Ə.Cavadın o dövrdə nəşr olunan heç bir kitabında himnin mətni olmayıb.[10]

Əhməd Cavadın nəvəsi, ədəbiyyatşünas Süleyman Axundzadə 2016-cı ildə deyib ki, babası (Ə.Cavad) himnin sözlərinin altında bir dəfə “Camo” sözünü yazıb. Bunun açıqlaması isə belədir: "Cavad Axdundzadə Məmmədəli oğlu”[11]

Azərbaycan Respublikasının Əməkdar müəllimi, türkoloq Nazim Nəsrəddinov qeyd edir ki, Camo bəy Hacınski ümumiyyətlə şeir yazmayıb. Cəmo Cəbrayılbəyli isə şeirlərini “CAMO” yox, məhz “Cəmo” təxəllüsü ilə yazırdı deyə müəllif Əhməd Cavad deyil, məhz C. Cəbrayılbəylidir.[12]

Cəmo Cəbrayılbəylinin nəvəsi Azər Mustafayev 2018-ci ildə himnin sözlərinin müəllifinin Əhməd Cavad yox, onun babasının (C.Cəbrayılbəyli) və həmçinin şeirin orijinalının sonundakı “Camo bəy” imzasının da Camo bəy Hacınskiyə yox, C. Cəmrayılbəyliyə aid olduğunu bildirib. C. Hacınskinin nəvəsi tarix elmləri doktoru, dosent Emin Hacınski bu iddiaları təsdiq edib.[13]

2018-ci ildə, Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında himn mövzusunu yenidən gündəmə gətirib. O deyib ki, çoxunun toxunulmaz hesab etdiyi himnin sözləri ilk variandakı kimi deyil, dəfələrlə dəyişiklik edilib. Həmçinin millət vəkili sual verib ki, əgər himn müqəddəs idisə, onda niyə dəyişiblər? “Bizim himnimiz, gerbimiz, bayrağımız ilk variant deyil. Əgər biz deyiriksə ki, ilk variantdakı kimi saxlayaq, bunlar ilk variant deyil. Yəni sözlərində də, şəkilçilərində də dəyişiklik var. Müqəddəs idisə, onda niyə dəyişiblər?”[10]

2019-cu ildə ASDP sədri, deputat Araz Əlizadə İTV-də yayımlanan "3D” verilişində Azərbaycanın Himninin sözlərini Əhməd Cavadın deyil, Cəmo Cəbrayılbəylinin yazdığını bildirib. Bunun ardınca Xalq şairi, VHP sədri Sabir Rüstəmxanlı himnin sözlərinin Ə. Cavada aid olduğunu və bunun təsdiqləndiyini deyib. Fəlsəfə elmləri doktoru, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Safura Quliyeva bildirib ki, bu deyilənlər sadəcə bir ehtimaldır: “Bu barədə 90-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının filoloqu Aybəniz Əliyeva bu məsələni qaldırdı və bir çox söz-söhbətlər oldu. Ən sonda isə məsələ Ulu öndər Heydər Əliyevə kimi getdi çıxdı. Ulu öndər Heydər Əliyev belə bir söz dedi ki, Camo Cəbrayıllı elə də tanınmış şəxsiyyət deyil, şairliklə də məşğul olmayıb, pedaqoq olub. Amma Əhməd Cavad cümhuriyyətin ən böyük şairlərindən olub. Eyni zamanda bir neçə himni də olub. Elə ona görə də qəbul edildi ki, Əhməd Cavadın adına qalsın.”[14]

Poçt markası üzərində

[redaktə | mənbəni redaktə et]
2011-ci ildə buraxılmış poçt markası

2011-ci ilin oktyabr ayının 11-də Bakı şəhərində Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Azərmarka" şirkəti tərəfindən Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş yeni poçt markaları təqdim edilmişdir. Qiyməti 1 manat, tirajı isə 5000 ədəd olan həmin markalardan biri Azərbaycan Respublikasının Dövlət Himninə həsr olunmuşdur[15].

2018-ci ildə Vəhdət Partiyasının sədri, deputat Tahir Kərimli Milli Məclisin plenar iclasında himn mövzusunu yenidən gündəmə gətirib. O deyib ki, himndə iki yerdə nəqarat var, onları dəyişməklə 1 dəqiqə uda bilərik: “Mən ahəngi ilə maraqlanıram, demirəm ki, sözləri dəyişdirilsin. Bizim himnimiz dünyanın ən uzun himnlərindən biridir, 4 dəqiqə çəkir. Başqa himnlər 2,5 dəqiqədən çox olmur. Dəfələrlə xaricdə, daxildə hamıdan eşidirsən ki, bu himn çox uzundur. Yəni bunu qısaltmaq imkanları var. Sözlərini ixtisar etmədən iki yerdəki nəqarəti götürməklə eləmək olar”.

Qeyd edilir ki, Azərbaycan himni 4 dəqiqə deyil, 2 dəqiqə 13 saniyədir.[16]

  1. Used in Dagestan by the Azeri minority and formerly used between 1958–1991 in Soviet Azerbaijan.
  1. Plagiat TV. "Üzeyir Hacıbəyov/Dmitri Kantemiroğlu". TikTok. 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  2. "Dövlət himni qalmaqalı və Tahir Kərimlinin sovet nostaljisinə cavab". Sputnik Azərbaycan (az.). 2018-11-02. İstifadə tarixi: 2024-06-23.
  3. Nigar İxtiyarqızı. "Heydər Əliyev himn söhbətinə bu cür nöqtə qoymuşdu". Axar.Az (az.). 2018-11-06. 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  4. "S.K.Məmmədova. "Mədəniyyətşınaslıq",(dərs vəsaiti) Bakı, "Kooperasiya" nəşriyyatı-2001, 202 səh" (PDF). 2022-03-25 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2011-03-25.
  5. "142 - Azərbaycan Respublikasının Dövlət himni haqqında". www.e-qanun.az. 2015-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-25.
  6. http://www.azdesign.ws/, (c) AzDesign |. "WWW.KIVDF.GOV.AZ". kivdf.gov.az. 2017-12-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-11-25.
  7. "АТРИБУТЫ АЗЕРБАЙДЖАНА". maxmuland.nethouse.ru. 2020-07-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-17.
  8. 1 2 3 Məmmədli, Nərmin. "Himn qalmaqalı". modern.az (az.). 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  9. Məmmədov, Əli. "Professor: Himnin sözlərini dəyişmək zəruridir". Oxu.az (az.). 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-01.
  10. 1 2 3 Nigar İxtiyarqızı. "Heydər Əliyev himn söhbətinə bu cür nöqtə qoymuşdu". Axar.Az (az.). 2018-11-06. 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.
  11. "Vikipediyada himnimizlə bağlı təhrif olundu - VİDEO". unikal.az. 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-01.
  12. Nəsrəddinov, Nazim. "Nazim Nəsrəddinov: Azərbaycan Respublikası Dövlət Himninin mətninin müəllifi "Cəmo bəy" kimdir? sualının cavabı:". Kırım'ın Sesi Gazetesi (türk). 2021-05-31. İstifadə tarixi: 2024-06-01.
  13. Məmmədov, Əli. "Camo bəyin nəvəsi: Himnin sözləri mənim babamındır - FAKTLAR". Oxu.az (az.). 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-01.
  14. Hüseynova, İlahə. "Himnin sözlərini kim yazıb? - Əhməd Cavad ya Camo Cəbrayıllı? - EKSPERT RƏYİ". www.yeniavaz.com (ingilis). 2024-06-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-01.
  15. 11.10.2011. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş marka. azermarka.az Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine  (az.)
  16. Nigar İxtiyarqızı. "Heydər Əliyev himn söhbətinə bu cür nöqtə qoymuşdu". Axar.Az (az.). 2018-11-06. 2024-06-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-02.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]