Gi Ru

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Gi Ru
fr. Guy Roux
fr. Guy Roux
Ümumi məlumatlar
Doğum tarixi (85 yaş)
Doğum yeri Kolmar, Fransa
Vətəndaşlığı Fransa Fransa
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub klubsuz
Karyerası
Klub karyerası[* 1]
1952—1961 Fransa Oser
Məşqçisi olduğu klublar
1961—1962 Fransa Oser
1964—2005 Fransa Oser
2007 Fransa Lans

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Gi Ru — Fransalı futbol mütəxəssisi.

"24 yaşlı iddia" nəhəng kluba çevrildi

[redaktə | mənbəni redaktə et]

1938-ci il oktyabrın 18-də Fransanın Kolmar şəhərində anadan olan Gi Ru 14 yaşında ikən "Oser"də çıxış etməyə başlayır. O, vaxt bu klub Runun yaşadığı meşəliklərlə örtülmüş Oser şəhərini həvəskarlar liqasında təmsil edirdi. 9 il burada forma geyinir. Son dörd ildə isə komandasının kapitanlıq sarğısını daşıyır. Hər il həvəskarlar arasında çempion olsalar da, bu, komandanın üzvlərinə heç nə qazandırmır. Vəziyyəti belə görən 24 yaşlı Ru bir gün klubun rəhbərliyi ilə görüşür və deyir: "Bezmişik artıq. Hər il çempion olsaq da, irəliyə gedə bilmirik". Daha sonra isə o, rəhbərlikdən xahiş edir ki, onlara 3 ot örtüklü meydança və klub binası versinlər və gerisi ilə işləri olmasın. Klub bossları 24 yaşlı Runun dediklərini yerinə yetirirlər. Bununla da klubun sürətli yüksəlişinə start verilir.

"14 il də həvəskar dəstədə çalışdıq "Oser"lə. Yəni kubok matçlarını da əlavə etsək, ən azı iki min oyun keçirmişik. Amma nə fayda, kaş, indi min deyil, birinci matça çıxaydım!", – deyəcək qədər futbolu sevən insandır Gi Ru.

Loren Blan, Enzo Şifo, Taribo Vest, Antoine Sibiyerski, Səbri Ləmuşi, Stiv Marlet, Oliver Kapo, Æan-Alan Bumsonq, Məhəmməd Sissoko, Filip Mekseş, Cibril Sisse, Erik Kantona, Omar Vyenq. Siyahını bir qədər də uzatmaq olar. Adları çəkilən futbolçuların hamısını Ru yetişdirib. 40 min əhalisi olan Oserin baş keşiş tərəfindən qurulmuş gənclər üçün nəzərdə tutulan klubun yolu Gi ilə kəsişməsəydi, bəlkə də bu gün komanda həvəskar liqasında mübarizə aparırdı.

1970-ci ildə "Oser" üçüncü, 1974-cü ildə ikinci, 1980-ci ildə isə yüksək divizona çıxır. 1979-cu ildə isə komanda Fransa kubokunun finalına qədər irəliləməyə müvəffəq olur. Amma həlledici görüşdə "Nant"a yenilir. Liqa 1-də komandanın heyətində çıxış edən oyunçuların siyahısına baxın: Æol Bats, Andeyz Şamaç, Bruno Martini və Enzo Şifo. Bu oyunçular 24 yaşlı Runun ortaya çıxardığı gələcəyin ulduzları idi. 1983-84-cü il mövsümündə diqqətlər yenə "Oser" və Runun üzərində idi. Çünki dahi çalışdırıcının komandası Fransa çempionatını yalnız "Bordo" və "Monako"dan geri qalmaqla başa vurmuşdu. Partis Qarande 21 qolla çempionatın bombardiri, Æan-Mark Ferreri isə "Oser"in əsas milli komandaya verdiyi ilk oyunçusu olurdu.

1989-90-cı il mövsümündə Ginin rəhbərliyi altında komanda UEFA kubokunun 1/4 finalına çıxsa da, "Fiorentina"ya məğlub olaraq mübarizəni dayandırır.

1992-93-cü il mövsümündə isə "Oser" UEFA kubokuna 6-cı dəfə qatılaraq yarımfinala irəliləməklə tarixində ən böyük uğura imza atır. Hətta Almaniyada 0:2 hesabı ilə məğlub olduğu Dortmund "Borussiya"sının qapısından oserlilər "Abbe-Deşams" stadionunda iki cavabsız top vurmağı bacarır. Ancaq penalti seriyasında Stefan Mahçinin qeyri-dəqiq zərbəsi 6:5 hesablı nəticə ilə "Oser"i finaldan kənarda qoyur.

Amma növbəti il komanda Fransa kubokunun finalına çıxır və "Monpelye"ni 3:0 hesabı ilə məğlubiyyətə uğratmaqla kuboka sahib çıxır. 1996-cı il isə "qızıl dubl"la yadda qalır. Bu isə "Oser"in Çempionlar Liqasının 1997-98-ci il mövsümündə iştirak etməsi demək idi. "Ayaks" və "Qlazqo Rencers"i səfərdə məğlub edən fransızlar qrup mərhələsini adlayırlar. Həmin il "Oser"in qarşısını 1/4 finalda Çempionlar Liqasının qalibi olmuş Dortmund "Borussiya"sı kəsir. Bu ərəfədə onun ürəyində ağrılar baş qaldırır və bu səbəbdən də "Liverpul"da eyni aqibəti yaşayan həmyerlisi Æerar Ulye kimi ilyarım müddətə işindən ayrılmaq məcburiyyətində qalır. Uzun illər dostluq edən Ru ilə Ulyenin taleyindəki bənzərlik var. Hər iki mütəxəssis Korsika adasında birlikdə müalicə olunduqdan sonra köməkçilərinə tapşırdıqları komandaları geri alırlar.

Komanda Runun rəhbərliyi altında 2002-03-cü il mövsümündə Çempionlar Liqasında, 2003-04 və 2004-05-ci il mövsümündə isə UEFA kubokuna vəsiqə qazanır.

4 futbolçu nəsli yetişdirdi

[redaktə | mənbəni redaktə et]

Ondan "Oser"in uğurunun sirrini soruşanlara isə həmişə belə cavab verib: "Səbəb gənclərdir. Son 20 ildə əlimin altından 4 futbolçu nəsli keçib. Hamısı "Oser"i zirvələrə qaldırmaqla yanaşı özləri dünya futbolunda sayılıb-seçilən oyunçular oldu". Doğrudan da, 17-18 yaşlı neçə-neçə gənc istedad məhz o, üzə çıxarıb. "Roma"ya 12 milyon avroya satılan Mekseşi təcrübəli mütəxəssis "Tuluza"dan hələ 15 yaşı var ikən almışdı. 1997-ci ildə "İnter"ə transfer olan Taribo Vesti isə Laqosda "kəşf edəndə" futbolçunun 19 yaşı olub. Və ya 1999-cu ildə "Monako"ya gedən Səbri Ləmuşi 1995-ci ildə "Oser"ə bəlkə də adını ilk dəfə eşidəcəyiniz klubdan "Olimpik Ales"dən keçmişdi. 1996-cı ildə "Srvena Zvezda"dan pulsuz aldığı Stev Marleti fransız çalışdırıcı 5 il sonra "Fulhem"ə 17 milyon avroya satmışdı. Eləcə də Sissoko və Bumsonq.

Gi Ru düz 44 il ərzində "Oser"in "sükan"ı arxasında çalışır. Komanda onun rəhbərliyi altında biri ikinci (1980), digəri isə birinci liqada (1996) olmaq şərti ilə iki dəfə çempionluğu bayram etməklə yanaşı, İntertoto (1997) və Fransa kubokunu muzeyinə aparıb (1994, 1996, 2003, 2005).

İllər sonra bu qədər müddət ərzində "Oser"in baş məşqçisi olacağına inanıb-inanmadığı ilə bağlı suala Gi Ru özünəməxsus tərzdə cavab verib: "Əslində, inanmazdım. Amma necə ki rahiblər özlərini qeyd-şərtsiz Tanrıya bağlayıblar, bax, mən də eləcə "Oser"ə bağlanmışam".

"Oser"də 44 il, "Lans"da 5 həftə

[redaktə | mənbəni redaktə et]

2005-ci ildə Ru ilə "Oser"in arasına ayrılıq düşdü. 890 oyun meydana çıxardığı komandadan ayrılmaq sözsüz ki, çalışdırıcı üçün çətin idi. Onu bu postda Æak Santini əvəz etdi. 2007-ci ilin iyununda isə Gi "Lans"ın "sükan"ı arxasına gətirildi. Amma klub onu baş məşqçi kimi sifariş etməkdə çətinliklə üzləşdi. Çünki Runun yaşı 65-i keçmişdi və Fransa Beynəlxalq Futbol Məşqçiləri Birliyi yaşı 65-i ötən məşqçilərin sifariş olunmasını qadağan etmişdi. Amma Gi çətinliklə də olsa, bu lisenziyanı aldı və "Lans"ın baş məşqçisi kimi işə başladı. Lakin onun buradakı karyerası cəmi 5 həftə davam etdi. 69 yaşlı mütəxəssisin rəhbərliyi altında komanda 5 oyuna çıxdı ki, bu görüşlərdə də aktivinə 2 xal və 1 top yazdıra bildi. Beşinci turda "Strasburq"a 1:2 hesablı məğlubiyyət Ginin getməsinə səbəb oldu. "Ayrılmaq mənim üçün ən dürüst davranış olacaq" – deyən Ru yaşlı olduğu üçün ona söz atanlara belə cavab verib: "General Şarl de Qoll mənim yaşımda prezident, Fransuz Mitterand isə ilk dəfə ölkə başçısı seçilmişdi. Elə isə, məni niyə yaşlı sayırsınız?"

Onun adına "Playstation" oyunu da var

[redaktə | mənbəni redaktə et]

Etdiyi oyunçu seçimi ilə dünyanın ən yaxşı skautu da hesab edilən Gi Ru artıq virtual aləmdə də məşhurdur. Belə ki, bir neçə il bundan əvvəl məşhur oyun şirkəti olan "Sony Playstation" Runun adını daşıyan yeni menecerlik oyunu icad etdi. İndi "Guy Roux Manager" adlı bu oyun dünyanın əksər ölkələrində maraqla oynanılır.