Dinhatəpə yaşayış yeri

DinhatəpəGüney Azərbaycan ərazisində, Urmiya gölü yaxınlığında, Həsənlitəpədən 25 km qərbdə yerləşən Manna dövrünə aid arxeoloji abidə.[1]

Bu abidə ərazisində arxeoloji qazıntılar O. V. Muskarellanın rəhbərliyi altında aparılıb.[2]Aşkar edilmiş tapıntılar uzun bir tarixi dövrü əhatə edir. Həsənli IV–V dövrlərinə uyğun gələn tikili qalıqları, həmiçinin Dinha III (e.ə. 1350–1000) və Dinha II (e.ə.1000–800) nekropolları e.ə. II minilliyin sonu-e.ə. I minilliyin əvvəlinə aiddir. Divarları üç tərəfdən çiy kərpicdən tikilmiş, Şərq tərəfdən isə açıq qoyulmuş Dinha III dövrü qəbirlərində ölülər quyu qəbirlərdə fərdi şəkildə basdırılmışdır. Bu dövrdə boz-qara keramika hazırlanmışdır. Qulpsuz, sərbəst növlü "çaydan"lar, birqulplu küplər, iki dəlikli və qövsvari yapması olan kasalar səciyyəvi əşyalardır.

Dinha II dövrünə dulus küpləri, tikili kompleksləri və qəbiristanlıq aiddir. Ölülər divarları çiy kərpic ya da daşdan tikilmiş qeyri düzgün formalı qəbirlərdə basdırılmışdır. Bu qəbirlərin də divarları üç tərəfdən hörülmüş, üstü isə sal daşla örtülmüşdür. Ondan başqa içərisində yalnız uşaq sümükləri aşkar edilmiş iri təsərrüfat qəbirləri daha çox diqqəti cəlb edir. Bu dövrdə boz-qara keramikadan istifadə davam edir. Əksər hallarda keçmiş formalar saxlanılsa da, "körpücük" halqası ilə novlu birləşdirilmiş "çaydanlar", heyvan başı şəklində düzəldilmiş qulplu qablar kimi yeni formalar, Həsənli IV dövrü ilə yaxın paralelləri olan tunc və dəmirdən düzəldilmiş bəzəklər və silahlar meydana çıxır.[3]

O. V. Muskarella öz tədqiqatlarında Dinhatəpənin hər iki dövrünün həm keramika həm də metal əşyalarının Güney Azərbaycanda aşkar edilmiş sinxron abidələrin materialları ilə əlaqəsini izləmişdir.

İstinadlar

redaktə
  1. Muscarella O. W. Excavations at Dinkha-Tepe. MMA, November, 1968
  2. Muscarella O. W. The Iron Age at Dinkha-Tepe. MMA. 9, 1974
  3. Hamlin C. The Early Second Milleniun Ceramic Assemblage of Dinkha-Tepe. Iran, 12, 1974

Ədəbiyyat

redaktə
  1. O. W. Muscarella-The Iron Age at Dinkhatepe,1977
  2. S. Qaşqay-Manna dövləti, Bakı,1993